пятница, 6 января 2017 г.

AZƏRBAYCAN TALIŞ ƏDƏBİYYATINDA TARİXİ HADİSƏ


Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində «Etnoqlobus» (ethnoglobus.az)  Beynəlxalq onlayn informasiya analitik mərkəzi
və Talış ədəbiyyatı təəssübkeşlərinin təşəbbüs qrupunun təşkilatçılığı ilə Aytən Eyvazonun «Dıli Sado» adlı romanının
və Vüqar Mirzəzadənin «Vətən» adlı şerlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı Rəzzaq Xansıvo Son illər Azərbaycanda talış ədəbiyyatının inkişaf etdiyini və milli ruhun yüksəldiyini dedi: «Bu inkişafa səbəb müasir Azərbaycanda
yaranmış şəraitdir. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə talış ədəbiyyatı inkişaf etməyə başlayıb. Talış dilində ilk romanın yaranması isə Azərbaycan
taliş ədəbiyyatında tarixi hadisədir».
 «Dıli Sado» kitabının ədəbi məziyyətlərindən danışan Mehdibəy Səfərov deyib ki,  kitab 19-cu əsrin sonlarında talışların adət-ənənələri, həyat tərzi ,
məişəti, insani münasibətlər maraqlı süjet xətti üzərində  qurulub.
«Kitabda talış ailəsində və cəmiyyətdə kişinin rolu və yeri, rus işğalınf qarşı mübarizə, xalqın qonaqpərvərliyi, mətbəxi həssaslıqla qələmə alınıb.
Roman Azərbaycan türkcəsinə və rus dilinə çevrilərək daha geniş ictimaiyyətə çatdırılmalıdır. Bu, Azərbaycan mədəni həyatında tarixi hadisədir».
Vüqar Mutafazadənin «Vətən» kitabına gəlincə isə M.Səfərov müəllifin Dağlıq Qarabağ savaşında iştirak etdiyini və vətənpərvər ruhunu
şerlərinə də köçürdüyünü qeyd edib: «Onun şerlərində vətəninə, torpağına, o cümlədən talış dilinə  və mədəniyyətinə sevginin görə bilərsiz».
Tədbirin qonağı olan Azərbaycan xalq artisti Faiq Ağayev talışların vətənpərvərliyini, Dağlıq Qarabağda şücaətlə döyüşdüklərini və
həlak olduqlarını vurğulayıb: «Bu iki kitabın təqdimatı da vətənpərvərliyin nümunəsidir. Talış dilində kitabların Azərbaycan ədəbiyyatını
zəngişləşdirəcəyini düşünürəm. Mən talış dilində danışa bilmirəm. Qardaşım dilimizi yaxşı bilir. Görünür, bu kitablar mənim talış
dilini öyrənməyimə stimul olacaq.»
Kitabların redaktoru Əlimərdan Şükürzadə də «Dıli Sado» romanında 20-ci əsrdə talış dilində ilk romanın çap olunmasının
mədəni bir hadisə olduğunu qeyd edib. O, deyib ki, kitabda adı çəkilən tarixi toponimlərin hər birinin tarixi hadisələrlə əlaqəsi var.
Məsələn, bəzi tarixi mənbələrə görə, xürrəmilər ilk dəfə bayraqlarını Vov dağına sancıb.»
İradə Məlikova müəlliflərə uğurlar diləyərək talış dilində kitabların belə geniş şəkildə təqdimatını Azərbaycan dövlətinin
diqqəti və qayğısı kimi dəyərləndirib.«Bu, talış ədəbiyyatı tarixində bir hadisədir», deyib İradə xanım.
Qeyd edək ki, Azərbaycanda artıq «Kitabi Dədə Qorqudun» talış dilinə tərcüməsinə başlanıb. Artıq Müqəddimə və «Basat» boyu tərcümə olunub.
Tərcümə prosesi Azərbaycan multikulturalizm mərkəzinin patronajlığı ilə keçirilir və İ. Məlikova  eposun tərcümə redaktorudur.
Bu yaxınlarda 75 yaşını qeyd edən Xanəli Talış isə gənc yazarların meydana çıxdığına sevindiyini bildirib.  «Keçən əsrin talışdilli ədəbiyyatında
Şahan Talıbizonun (Təmədə) povesti, Əli Əyyubinin hekayələri olub. Amma içimizə –talışlığımıza qapılmayaraq kitablarımızı Azərbaycan türkcəsinə,
ruscaya və digər dillərə çevirməliyik ki, talışdilli əsərlərimizin oxucu auditoriyası genişlənsin. Bununla da dünyaya açılmalıyıq», deyib X.Talış.
Ləzgi dilində nəşr olunan «Samur» qəzetinin redaktoru Sədaqət Kərimova talış dilində kitabların nəşrini Azərbaycan talış
ədəbiyyatında əhəmiyyətli bir hadisə kimi dəyərləndirib : «Talış dilini və mədəniyyətini inkişaf etdirmək Azərbaycan mədəniyyətini
inkişaf etdirməkdir. Siz yalnız talış xalqına deyil, bütün Azərbaycan xalqına xidmət edirsiz. Hər xalqın tarixinə açar – onun dilidir. »
Sədaqət xanım qonaqları ləzgi dilində təbrik edib.  
«Etnoqlobus» Beynəlxalq onlayn informasiya analitik mərkəzinin direktoru Gülnara İnanc ona birgə tədbir keşirmək barədə dəvət gələndə
məmnuniyyətlə qəbul etdiyini  və bunun talış dilində yazılmış iki kitabın genişmiqyaslı təqdimatının sevindirici hal olduğunu qeyd edib.
«İnsanın yaratdığı hər şey, onun nitqi və həyat tərzi birbaşa onun şüuraltı ilə bağlıdır. Məhz nitq və yazı vasitəsilə insanın şüurunun altında
qalan gizlinlər ortaya çıxır. Bədii yaradıcılıq insanın ruhunun məhsuludur. Ruhun da ehtiyacının ödənilməsinə ehtiyac var.
İçimizi İlahi sevgi ilə doldursaq, ona nifrət, kin kimi şeytani hisslər yol açmaz», -deyib G.İnanc.
Çıxışının sonunda Gülnara İnanc qonaqları Xanəli talışın talış dilində Novruza həsr olunmuş «Şoyvo vikən, hey, Nəvuzə id omə» şeri ilə təbrik edib.
Əli Nasir kitabların müəlliflərinə minnətdarlığını bildirib. O, bədii ədəbiyyatın dilin inkişafına təsir etdiyini deməklə yanaşı, talış dili
və ədəbiyyatının inkişafı üçün elmi tədqiqatlara, talış dilinin inkişaf etdirilşməsinə ehtiyac olduğunu da vurğulayıb.
Könül Rəsul, Akif Dənzizadə, çıxışlarında təqdim olunan kitabların ictimai-mədəni əhəmiyyətindən, ədəbi-poetik xüsusiyyətlərindən danışıblar.
Könül Rəsul M.Mirzəzadənin talışca şerini oxuyub.
Samal Lələzo  və meyxanaçı   Valeh Lerikli V. Mirzəzadənin şerlərindəki lirizm, vətənpərvərlik, «vətən nədir?» sualına cavab axtarışları
barədə danışıb.Tədbirdə həmçinin gənc şairlər Bəxtiyar Ruşin, Feyruz Şivəxanov, İsrafil Hüseynov, Mirfəyaz Vahabov,Rüfət Baxşızadə,
Ceyhun Heydər, Fuad Əliyusifli, İlyasi Habil çıxış edib.
Qonaqlara minnətdarlığını bildirən Ayten Eyvazon kitabı ürəyinin səsi ilə yazdığını deyib. Vüqar Mirzəzadə də tədbirdə zəhməti olan hər kəsə və
qonaqlara minnətdarlığını bildirib. “Azərbaycan talış ədəbiyyatınin bir parcası olan şerlərimi həvəslə və xalqıma sevgi ilə yazmışam”,
deyə V.Mirzəzadə bildirib.
Tədbirin sonuncu bölümü Novruz bayramına onun adət və ənənələrinə həsr olunmuşdu. Tədbirin sonunda talış dilində ömoristik
«Faysbuk Səftərəli» adlı qısametrajlı filmdən qısa süjetlər göstərilib.
Qeyd etmək lazımdır ki, kitabların və tədbirin sponsoru, təqdimatın ideya müəllifi Vüqar Mirzəzadədir.
Written by  Gulnara

Комментариев нет:

Отправить комментарий